İbn Ərəbşah və onun “Əcaibül-məqdur fi nəvaib timurəsəri

 

(Mətnın fars dilindən tərcüməsi, şərh və qeydlər Aydın Məmmədovundur)

 

 

İbn Ərəbşah 1389-cu ildə (5 noyabr) Dəməşqdə anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o həmin müddət ərzində Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu.

İbn Ərəbşah Səmərqənddə yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul olan bizim müəllif, daha sonra Türk sultanı Məhəmmədin (1402-1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirirmiş və “Əcaibül-məqdur…”u 1440-cı ildə məhz, orada başa çatdrırmışdır[1] .

Biz “Əcaibül-məqdur”un ərəbcədən fars dilinə Məhəmməd Əli Necati tərəfindən edilmiş tərcüməsindən (1960/61 (–h.ş.1339))-ci il Tehran nəşri[2])  istifadə etmişik. Əsərdə Azərbaycan tarixçiliyi üçün əhəmiyyətli faktlar çoxdur. Maraqlıdır ki Əmir Teymurun sonuncu Gürcüstan yürüşü (1403) barədə İbn Ərəbşahın qələmə aldığı  bəhslər də əslində Gürcüstana yox, Səkiyə aiddir. Bunu biz yalnız həmin hekayətlərin mətninə xüsusi diqqət yetirdikdə aşkar edə bildik. Belə ki bu hekayətlərdə “Gəl-Gör-Get” adlı bir qaladan da bəhs olunur, Şirvanşah Şeyx İbrahimin dili ilə isə yerli əhali gürcü yox, “tatar” adlandırılır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayətlərdəki “gürcü” sözləri millət yox, hümmət və məzhəb, yəni “xristian provoslav” mənasında işlədilmişdir.[3] Vətən tarixinin bir hissəsi yaşanan həmin hekayətlər, indiyə qədər Vətən tarıxşünaslığına məlum deyildi, bunları Azərbaycan dilinə ilk dəfə biz tərcümə etdik.

 Mümkündür ki ibn Ərəbşah 1403-cü ildə Əmir Teymurun ordusu ilə birlikdə Şəki ölkəsində olmuş, burada baş verən bəzi hadisələri, hansılar ki sonralar “Əcaibül-məqdur”da qələmə almışdır, onları o vaxt 14 yaşında ikən şəxsən müşahidə etmişdir. Şəki ölkəsinin müvafiq dövr tarixinin öyrənilməsi işində “Əcaibül-məqdur”un müstəsna əhəmiyyəti var.

                                       

M Ə T N

(Şəkiyə dair iqtibas –

 

Əmir Teymurun, Şəki ölkəsindəki mağaralıq ilə  Gəl – Gör – Get qalasını ələ keçirməsiŞirvanşah Şeyx İbrahimin aradüzəldənlik etməsi)

 

 

Teymurun Gürcüstan və xaçpərəst ölkəsi yanına yetişməsi

 

Teymur elə Gürcüstan diyarına gəlib yetişənədək[4], dərya kimi dalğalanan ordu ilə hərəkət edirdi. O kiçik bir ölkədir və adamları Məsihə sitayiş edənlərdir. Amma bu kiçikliklə, saysız-hesabsız qalalar və möhkəm bürclər və mağaralar və pusqugahlar və dağlar və dərələr və uçurumlar səbəbinə xarici ziyandan qorxusuzdurlar və o məkanlardan hər biri dikbaşlıq və təkəbbürlülükdə israrlı qaldı ki,  ğalçı və təcavüzkarların fərmanı qəbul etmədi. Oranın şəhərlərindən Tiflis və Trabuzan və Abxazdır ki, oranın paytaxt[lar]ı idi, bu məkanlar təslimdən yaxalarını kənara çəkdilər və zamanın ixtiyarını Bunun (–Teymurun)  əlinə tapşırmadılar, Teymur mühasirəyə durar və məşvərətə oturar, o məkanlardan biri,  bir  mağaralıq (–Marxal?, Sığnaq?) idi ki, onun darvazası lap hündür bir uçurumun ortasında,  indiki zamanın hadisələrindən kifayət qədər qorxusuz, gələcək zamanınkılardan kənarda yer tutar və aşağıdan yuxarıya [ən uzaqatan] məncanaqın «əli» [hara] çatsa ondan daha hündürdə, yuxarıdan aşağıya doğru [ən uzun] nərdivanın ayağı [hara]batsa, bundan daha aşağıda, daxil olma yolu: örtülü və pünhan qədr gecəsi kimi, ona yetişmək: işıqlı və aşkar bədirlənmiş ay kimi [əlçatmaz], artıq bir tamah Teymuru, onun mühasirəsinə sövq etdi və çalışdı və yan-yörəsini xeyli gəzdi, öz mühəndis zəkasını işə saldı və  qarma-qarışıq düşüncə və ağlın vəlvələsi ilə kefinə aram verər, birdən, fikrinə bu gəldi ki əzab atəşini ora yuxarıdan endirsin və o yuvası uca «Hümayı» (– “Cənnət quşunu”)  havada şikar etsin. Tez buyurar ki,   dəbanə   surətli (– zirehli) sandıqlar düzəltsinlər və [bunları] uzun zəncirlərlə və qüvvətli adamlarla dağın yüksəklik və zirvələrindən sallasınlar və göyün bəlası kimi aşağı endirsinlər.

Onda elə etdilər və yerlə göy arasındakı fəza o sandıqlarla doldu və o dağın və [o dağın] sakinlərinin canlarına titrəmə düşdü və Onlar yüksəkliklərdə süzən bir şahin kimi “uçuşanda”,  halın dili ilə  [Quran ayəsinin bu hissəsi[5]] xatırlanmaqdadır:

أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّهُ (– Məgər görmədilər səmanın yüksəkliklərində süzən quşları ki,  oranı onlara məskən edən, onları orada idarə edən Allahdan başqa bir kimsə deyil..;[6] və elə ki mağaranın ağzı ilə bərabər [səviyyədə] oldular, onu (– mağaranı) vuralar və tökülüşələr və sandıqların içərisindən ciyər yandıran ox və ürək deşən nizə ilə əllərini çıxıralar və ip və kəmənd və digər vasitələr və silahları işə salalar və o arada fitnə və qarışıqlıq yaradalar və elə ov şahini kimi kimiuçmaq”da idilər və o yurd-yuvaya yaxınlaşırlar və “pəncə” və “dimdik” göstərirlər və o mağara Onların yetişməsinə öz möhkəmliyi ilə maneçilik törədir və cəngavərlərinin köməyi ilə ki, onun içində mövqe tutmuş idilər Onların aşağı gəlmələrinin qarşısını alır. Onadək ki o əldən iti “uçan” adamlardan biri uğur və qələbə ahəngi ilə mağaranın ağzı yanına çəngəl batırdı və öz sandığı ilə o yuvaya əl atdı, səadətin ağuşu açılmış oldu və münasibin (– bu şəxsin) əlini qucaqladı, xristian qövmü bir-birinə qarışmış oldu və qabaqlarındakını tanımadılar; bu tək-tənha Onlara hücum etdi, ta böyüklərindən bir çoxu öldürülmüş oldu, onda, digər öz yoldaşlarını içəriyə səslədi və Onların köməyi ilə, o kəslər ki mağaranın bir küncündə gizlənmiş idi bayıra qovdu.

O adamın adı Lhrasb idi; [və bunun isminin] malik olduğu altı hərf ki, onun  üç   hərfi sakindir (– hərəkəsizdir, yəni bu samitlərin aralarında sait yoxdur)[yeri gəlmişkən, qeyd edək ki ] fars dilində və türk dilində sakin həriflərin [beləcə] vəhdəti boldur.

 

Bu qalalardan digər biri  Gəl-Gör-Get’in göydələn qalasıdır ki

 

öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (– adının) mənası türkcə belədir: «gələrsən, görərsən və geri dönərsən», yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz[!], onun binası üç tərəfdən hündür təpəliyin üstündə[dir][yüksəkliyi həmin] tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (– dördüncü) tərəfindən dar və nahamar yol [gəlir][bu yol] sərt və çətin bir keçiddə  başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar.

Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur.

 Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və  bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla [, döyüşün başqa dəhşətlərindən] qurtulurlar  və qane aşiq kimi, bir baxışa məmnun olurlar və  gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz  ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu]  açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və  onun (– qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi [O,] köç göstərişi verdirdi;  amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və [uydurma bir] «səbəb» axtarır.[..]

 

O qalanın möcüzəli fəthi barədə dastan

 

Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki, xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından[7] bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, [onunla] qabaq-qabağa çıxdı və Bu Onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu “özünü göstərmə” Bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın; Onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi. O,  bir gecə döyüş vasitələrini və öz adamlarını yığıb ilahi köməkliyə güvənməklə, boş və pünhan bir məhlə seçib pusquda durdu və elə  gözlədiyi şərait və uğur içində münasib zaman olur, gah sinəsi üstündə süründü, gah da çöməlib iməkləyə-iməkləyə yol gedir və bir toxumun bəhrəsindən ki, [o toxumu] ürəyinin tarlasında əkmiş idi, [bu barədə öz-]özü ilə söhbət edir.

Ta o dəmədək ki sübh çağı üzündən niqabı çıxarıb atdı və xristianlar “götürülən körpü”yə tərəf geri döndülər və onu qurmaq üçün bir-birlərinə kömək edirlər, Pirməhəmməd körpü tərəfə həmlə edər və körpünün kəndirlərini qırar və Onlar körpünü götürmək üçün əl [tutmağa bir şey] tapmadılar; bu halda Ona hücum etdilər və [üstünə] daş və ox yağışı yağdırdılar, Bu, əcəli heç nə ilə tapmayıb, bir iş ki, həllini nəzərdə tutmuşdu [o işdən]  geri oturmadı və [atılan] ox və daşdan hansı Ona çatır[sa] baş-gözünə dəyir, Onlar beləcə vuruşma və cəngü-cidalda idilər ki, günəş çıxdı və ruzigar öz təəccüblü işindən barmağını dişlədi və dövranın gözü bərələ qaldı, Onlar ki mühasirə işində idilər, artıq ondan əl çəkərlər və necə ki deyilmiş oldu [ki] Teymur köç göstərişi verdirib, [bundan başqa Teymur] qərargah və çadırlarını [da] hündür bir məkana aparmış idi ki, qəfildən xəbər gətirən bir uğurlu adamının dilindən ürəyinin qulağı ilə bu müjdəni eşitdi:

 

      Qapalı görsən də çarənin qapısını ümidsizliyə qapanma,

      Bil ki, bəndə aça bilməyən qapını Allah istədiyi vaxt bilər aça.

      

Teymurun uzaqdan nəzərinə çatdı ki, qalanın darvazası yanında bir güruh bir-birinə hücum edib mübarizə edirlər; və öz yaxın[ adam]ları və köməkçiləri üçün dedi ki, mən budur görürəm, o şeyi ki, siz də görə bilərsiniz, tələsin və kömək edin və döyüş yerinə yaxın olub məni onun (– davanın) necəliyindən agah edin. Buna görə getdilər ki yenə xəbər əldə etsinlər və o gizli məsələni aşkar etsinlər və Onlar şir ürəklilərdən (elə) bir güruh idilər ki, düşmənçilik [hissi] və kinlilik  öz təbiətlərində [bir-birlərinə qarşı] baş qaldırmamış idi və hamısı birlikdə aşağı düşən kimi elə göründü ki, şeytan sifətlər (– monqoloid irqində olanlar, Teymurun əsas ordusu) ilə atdanmağa və qalxmağa və uçmağa qalxmışlar, o dəstənin qabağında gələnlər Pirməhəmmədi ölmüş hesab etdi ki, elə öz odunun atəşində yanırdı və Bu (–Pirməhəmməd)  Onları uzaqdan görən kimi təzə bir həyat tapdı  və titrəməsini və qüvvəsizliyini bir tərəfə qoyub dirçəliş və qüvvə qazandı.

Xaçpərəstlər körpünü götürməkdə acizliyə düçar olan kimi, ondan üz çevirdilər və istədilər ki qalaya daxil olalar və onun darvazasını möhkəm bağlayalar və bu niyyətlə bir də geri durdular, o zaman Pirməhəmməd onlara hücum etdi və qalaya daxil oldu və Onları darvazanı bağlamaq [imkanın]dan məhrum etdirdi, Onu qılıncla möhkəm yaraladılar və daş-qalaq etdilər  və O, əl çəkmədi və elə bu işin həlli üçün öz səy və çalışmasını artırdı və daş və dəmir ki Ona dəyir, agah olmurdu.

Ta o döyüşkən şiri-mərdlər yetişdilər və qəzəb yağışı və hiddət seli kimi göydən və yerdən kömək və yardıma rəvan oldular və qızışmış şirlər kimi Onların üzərinə şığıdılar və Pirməhəmmədi Onların caynaqlarından qurtardılar, o zaman xaçpərəstləri ayağı bağlı dustaqlar edib Onların mallarını talan etdilər və Onların arvad-uşaqlarını əsir götürdülər. Pirməhəmmədi Teymura çatdırdılar və Onu (– Teymuru) Bunun (– Pirməhəmmədin) niyyət və xəyalından agah etdirdilər, sonra Bunun qanı daman yaralarına diqqət yetirdilər – onların sayı on səkkizə çatırdı[!],  Teymur Buna razılıq etdi və çoxlu vədlər verdi və Onu yüksək mərtəbəyə aid olan bir rütbəyə malik edib Təbrizə göndərdi və o diyarın başçılarına və fərmandehlərinə sifariş etdirdi ki, həkim və dərman düzəldənlər Bunun başına yığılsınlar və tam sağalmasına çalışsınlar və Onlar Onun (– Pirməhəmmədin) müalicəsində çox çalışdılar və Teymurun fərmanını və (yenə) Onun sifarişini yaxşı həyata keçirdilər və bir çarə axtaranla bir çarə tapıb [Pirməhəmmədin müalicəsini] o dərəcədə bacardılar ki, [tezliklə] Onun xəstəliyini mükəmməl  [surətdə] sağaltdılar, elə ki yaralar ondan daha yaxşı idi ki, dərman qəbul etdi və Teymurun yanına getdi, Teymur Onu qoşunlarının bir hissəsi üzərində sərkərdəliyə təyin etdi və ləşgərlərindən çoxlu güruhun fərmandehliyini Onun ixtiyarına verdi.

 

Gürcülərin işinin ardı və Onlar tərəfindən vasitəçiliyə Şeyx İbrahim hakim-e Şirvanın təhrik edilməsi

 

Bu qala və mağara Gürcüstan qüllələri arasında iki göz kimi idi və o vaxt ki,  dövlətin üzü görən nemətdən bəhrəsiz qalar, yəqin edilər ki, müsibətlilik və matəm həngaməsi yaxınlaşmışdır, öz güclərini əllərindən verərlər və həm də Onları birləşdirən «ip» qırılar,  çarə qılmaq əndişəsi yer üzərində «çöməldi» və qiyamət qalmaqalı «ayaq üstə» durdu, salamat (–əmniyyət) və həmrəylik Onların diyarına əlvida dedi və cəhənnəm atəşi qəzəbli çöhrəsi ilə Onların pişvazına tələsdi, Teymur o bir uğur və fəthi yaxşı yozdu və Gürcüstan məmləkətlərinin “xilası” qəsdi ilə yüyəni boşaldıb öz şeytan sifətlər ordusunu hərəkətə gətirdi[ ki], Onların həyat xırmanını amansız atəşlə yandıra və Onların ölüm kəfənini qılınc qayçısı ilə biçə və ox iynəsi ilə tikə və intiqamın dili bu ayəni Onlara oxudu:

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا (– Görmədinmi Biz kafirlərin üzərinə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdik?)[8]

Gürcülər günah və təqsirlərinin əfv edilməsi üçün elə bir çarə qılan adam axtardılar ki, ondan əvvəl yırtılmış olan həyat libaslarını yenidən tikələr və ondan əvvəl qırılmış həyat zəncirini yenidən birləşdirələr, “fəryad-e  əlaman” bayrağını qaldırdılar və Şeyx İbrahim hakim-e Şirvandan öz qurtuluşları üçün kömək istədilər, öz işlərinin yüyəni Onun tədbir əlinə tapşırdılar və O, gürcülərlə qeyri-məzhəbdə olsa da, Onu bir başçı seçdilər, bu zaman yay fəsli Gürcüstan adamları kimi meydanı tərk etmiş və payız fəsli Teymurun ləşkərləri kimi kölgəsini dünyaya salmış idi, “sultanlıq bayraqları” ağacların budaqlarından ən yuxarını bəzəmiş və dağlıq yerləri şərəfləndirmiş və axşamların nəsim küləyindən nəm götürən yer üzü “Davudi zireh” örtmüş və o şeylər ki, hərəkət edən və hərəkət etməyənlərdən cahanda vardır, Teymurun kömək və yardımına yetişmiş idi və mən demişəm:

 

Xuda bir bəndyə şərait yaratsa,

Olarlar düşmənlərinin yardımçıları.

Bu pozğunluqdan  qurlulmaq istəsə o kəs,

Davam gətirməlidir odda yanmağa.

Əgər bacarmasa itirər ağlın,

 Zar edər güllər tək yanı tikanlı.

 

Şeyx İbrahim Teymurun dərgahına gəlib yeri öpdü və necə ki padşahları öyürlər, Onu [eləcə] tərif etdi və özü bəndələr duran yerdə dayanıb icazə istədi ki söz desin və onun cavabını eşitmək şərəfinə nail olsun. Teymur icazə verdi, onda O dedi: Padşahın mehribançılığı və Onun aciz fəqirin könlünü alması və Onun bol rəhmət və tükənməz lütfündən faydalanan  mən bəndəni söz ərz etməyə təhrik etmiş ki, indi  Şərif rəy (–Teymur) qarşısında aşkardır və buna görə Allaha şükür ki arzu oxu məqsəd hədəfinə oturub və ürəyin ümidi muradın astanasına girmiş olubdur; bizim havadarın heybəti yer üzünün şərq və qərbini bürüyüb və Onu vuruş və çarpışmadan qorxusuz etmişdir, uğurlu ləşgəri nə qədər hesablaya bilsələr, onun sayı ondan (– hesab edilə biləndən) daha çoxdur və sayda nə qədər saymaq mümkün olsa, onların (– “uğurlu ləşgər”in) əlində əsir və dustaq  ondan (– saymaq mümkün olan saydan) daha artıqdır, xüsusilə tatar adamları ki xoşbəxtlik Onlardan üz döndərmiş və özləri yoxluq diyarında yer tapmışlar, [Onlara] qışın soyuğu bol ziyan yetirib və Onların nəfəsləri kəsilməkdədir və  beləcə, Bu gedişatda çox keçsə, zəlil günə qalanlar və zəlillər məhv olar    xırda böyüklər (– orta təbəqəyə mənsub adamlar)  xırdalar (– aşağı təbəqə, qara camaat) ölüm yoluna yollanarlar, bu ölkənin işi bəlkə cahanıın bütün ölkələrinin işlərindən ən çətinidir ki, Sənin üçün başqa nəticə verdi, bu ölkənin başçı və böyüklərinin hamısı bu bəndədə Padşahın inayətini görüb və qonşuluq səbəbindən mən bəndəni vasitəçiliyə seçmişlər və Şərif rəyin sədəqələrindən əziz bağışlanmaq[a] ümid edənlərdirlər ki, istədikləri ondan qeyri şey [deyil], hər hansı bir mübarək fikrə gəlsən və ali əmr buna işarə etsə bu bəndə və o camaat qəbul gözü ilə görməkdəyik və fərmana tabe olmaqdan qeyri yol seçmərik və əgər əsas məqsəd maldır[sa], gərək, bu  bəndə (– yəni mən) onun təqdiminə duram. Bu evin oğlu üçün mal-dövlət hardadır ki, o evdə nəyə sahibdir ki? Nökər bu tərz iş görən deyildir; bəlkə bu baxımdan ki zəhmət və əziyyət iki tərəfdən bəhrə verdi və qonşuluq haqqı yerinə yetdi və Rəsul-e Əkrəm (S.) buyurdu ki, Cəbrayıl həmişə mənə qonşunun halının gözlənilməsini sifariş etməkdədir; budur böyük adamların şərif rəyi və əgər nökər [də] ümidsiz geri qayıtmaz[sa] süvabı daha çox olar.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             

Teymur Bunun xahişini qəbul edər və Onun və Onların mallarından ziyadə  bol bir mal istəmiş olub; Şeyx İbrahim o istənilənləri Onun (– Teymurun) xəzinəsinə göndərdi və özü köçər və Onun (– Teymurun) qışlağının xalçasını Qarabağ içində sərər və bu[nlar] 806( 1403)-cı ildə [olmuş] idi.»[9]

                                        

Ş Ə R H

 

Ankara döyüşündən geri dönən Əmir Teymurun 1403-cü ildə Gürcüstandan keçməsi, gürcü qalalarını tutması və orada törətdiyi dağıntılar Nizaməddin Şaminin və Şərafəddin Əli Yəzdinin eyniadlı əsərlərində – “Zəfərnamə”lərdə, geniş şərh olunsa da “Əcaibül-məqdur" dakı bu dair təfərrüat onlarda yoxdur. Düzdür, Ş. Ə. Yəzdi Əmir Teymurun Gürcüstana son hücumlarından bəhs edərkən, həqiqətən də lap axırda “mağaralıq”dan və “sandıq”lardan söhbət açır.[10] Amma o həmin  hadisənin “Abxaz diyarında[11] cərəyan etdiyini göstərir və bu barədə onun yazdıqları “Əcaibül-məqdur”dakılardan fərqli olaraq, ötəri və qarma-qarışıqdır.  Heç şübhə etmirik ki, Ş. Ə. Yəzdi “Abxaz diyarı” deyərkən, ya sadəcə, səhvə yol vermiş, ya da ki Şəki ölkəsinin xristianlar yaşayan şimalını nəzərdə tutmuşdur. Amma hər halda, Teymurun “Abxaz diyarı”ndan geri dönməyə başlamasının bu müəllif tərəfindən göstərilmiş dəqiq tarixini, yəni oktyabrın 1-i, bazar ertəsi gününü,[12] Əmir Teymurun Şəki ölkəsindən geri dönmə tarixi hesab etmək və tarixi xronologiyaya tətbiq etmək mümkündür.

Ş. Ə. Yəzdi həmin gündən sonra Əmir Teymurun ovla məşğul olmasından və daha sonra isə bir müddət əvvəl əsir düşmüş bir qrup “gürcü sərdarı”nın  Gürcü çarı Georginin yanına göndərməsinin nəticəsi kimi əks tərəfdən gəlmiş elçiləri qəbul etməsindən bəhs edir. Burada da sülhün baş tutmasında “gürcülərin aradüzəldəni olan” Şirvanşah Şeyx İbrahimin müsbət təsiri göstərilir, amma onun aradüzəltmə işi, Ərəbşahdakı kimi geniş şərh olunmur, sadəcə, Teymur dərgahında həmin məsələ müzakirə olunarkən “gürcü”lərin xeyirinə çıxış edir.[13]

O ki qaldı söz gedən 1403-cü il hadisələri barədə ibn Ərəbşahın yazdıqlarına, hansılar ki yuxarıda onların hamısının tərcüməsi verilib, bu hekayətlər daha çox, bir adamın dilindən deyilən təəssürata, yaxud xatirəyə bənzəməkdədir. Diqqət yetirsək ki, “Əcaibül-məqdur”un müəllifi 1401-ci uldə ailəsi ilə birlikdə teymurilər tərəfindən əsir götürülmisdür, bu halda, onun, Əmir Teymurun 1404-cü ildə Səmərqəndə qayitmasına qədər Cağatay ordusunda saxlanıldığını,  1403-cü ildə həmin ordu ilə birlikdə Şəki ölkəsində olduğunu və orada baş verən bəzi hadisələri, hansılar ki sonralar “Əcaibül-məqdur”da qələmə almışdır, onları o vaxt, 14 yaşında ikən, şəxsən müşahidə etdiyini  güman etmək olar.

Heç şübhə yoxdur ki, ibn Ərəbşahda adı çəkilən Gəl-Gör-Get qalası daha sonralar “Gələsən-Görəsənadlananmışdır və xarabalığı da indiki Şəki şəhərindən bir neçə km. şmaldadır. Vətən tarixçiliyində ilk dəfə burada, indi bizim tərəfimizdən irəli sürülən bu fikir, heç də yalnız  adların oxşarlığına əsaslanmır. Belə ki qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, Gələsən-Görəsən qalasına uyğun gəlməkdədir. Amma “mağaralıq”ı  Şəkiyə aid edə bilməyimiz  üçün əlimizdə belə bir tutarlı dəlil, yaxud istinad edilməli elə bir şey yoxdur. Özü də bir az yuxarıda qeyd olunduğu kimi, Ş. Ə. Yəzdi oranın adını “Abxaz  diyarı”nda vaqe olan  hadisələr bəhsində çəkmişdir. Amma bunlara baxmayaraq, biz “mağaralığ”ı  Gələsən-Görəsən qalasının yaxınlığında axtarmağa və 16-cı əsrin ortalarındakı “Sığnaq”la,[14] yaxud da indiki Marxal’la[15] eyniləşdirməyə üstünlük veririk.

 

<<<ana səhifə

 



[1]    U. U v  at o v  (1974), səh. 10, 11, 26

[2] Bax: تاليف: ابن عربشاه، زندگانى شگفت آور تيمور(ترجمهء كتاب عجايب المقدور فى اخبار تيمور، ترجمه: محمد    على نجاتى)، طهران  –١٢٣٩                                                    

[3] Məsələn, necə ki Şəki əyalətinin 1824-cü il siyahıyaalma aktlarında Vartaşen kəndidə yaşayan pravoslav udinlər “gürcü”, qriqoryan udinlər isəermənikimi qeydə alınmışlar . Əmir Teymurun hücumları dövründə, Şəkidə çox sayda xristian  yaşaması faktı narrativ mənbədəİoann de QalonifontibusunQafqaz xalqları haqqında məlumatında təsdiq olunur (İoann de Qalonifontibus yazır: Burada hakimiyyət müsəlmanların əlindədir. Burada həm gürcülər (– oxu: pravoslavlar), saratsinlər  (– oxu: müsəlmanlar), darginlər   ləzgilər  yaşayır... Onların (– əslində, onların xristianlarının)  məzhəbləri gürcülərlə eynidir, amma artıq qeyd edilənlərdən başqa, [həm əlavə etməliyəm ki,] onlar özlərinin bir neçə xüsusi [dini] mərasimlərini icra edirlər. È î à í í   äe à à ë î í è ô î í ò è á ó ñ, 25.

)

[4] Əmir Teymur 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən geri dönürdü.

[5] Düz mötərizə içindəki ifadə əvəzinə mətndə: bu ayələr

[6] Surə: 16 (سورة النحل); ayə: 79.

[7] BuradakıGürcüstan adamları  ifadəsi (yaxudgürcüsözü) etnik məna daşıya bilməz. Belə ki iqtibas gətirilən mətnin sonundaŞeyx İbrahimin dilindən deyilən sözlərə diqqət yetirsək görərik ki, orada söhbət əslindətatarlardan gedirmiş. Yəqin ki gürcülərlə eyni məzhəbdə olduqlarına görə onlarGürcüstan adamı” (yaxudgürcü ) kimi təqdim edilmişlər. Şəki ölkəsi əhalisinintataradlandırılmasına gəlincə isə, fikrimizcə burada qeyri-adi bir şey yoxdur. Axı, o vaxt şəkililər türk hesab edilə bilməzdilər. Çünki türklər əslində teymurilər özləri idilər. Onların türkmən adlandırılmaları da mümkünsüz idi. Belə ki türkmənlər köçəri həyat sürürdülər. Yeri gəlmişkən, qeyri-türklər tərəfindən oğuzlarıntataradlandırılması fakına 2 dəfəKitabi Dədə Qorqudda da təsadüf edirik: IV boydakafirlərQazan xan oğlu Uruz bəyətatar oğlu” (Kitabi Dədə Qorqud, səh. 80),  X boyda isətəkurun arvadıQazan xanın özünətatardeyir (Yenə orada, s. 144).                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       

[8] Surə 19 (سورة مريم); ayə 8.

[9] səh. 204-212، (١٢٣٩)ابن عربشا ه

[10] səh.  شرف الدين على يزدى (١٩٧٢)،

[11] Orta əsr farsdilli mənbələrində  Abxaz diyarı məfhumu, indiki Abxaziya ərazisinə yox, əsasən Kaxetiyanın şimalına  (– Mərkəzi Gürcüstan) şamil edilmişdir.

[12] səh. 440 b شرف الدين على يزدى (١٩٧٢)،

[13] (1972) səh. شرف الدين على يزدى (١٩٧٢)،

[14] 1551-ci ildə Şah Təhmasib Şəkiyə hücum edərndə, yerli əhalinin bir qismi, məhz, Sığnağa sığınmışdı (Bax: səh. حسن‌ روملو   (1931) ،     ). Az. MEA Tarix İnstitunun Şəki filialının baş elmi işçisi N. Muxtarovun şəhadətinə görə Sıgnaq Gələsən-Görəsən qalasından bir neçə km. şimaldadır həmin yer indi Sığnaqadlanmaqdadır. Yeri gəlmişkən, həmin məsələdə  Gələsən-Görəsən qalasının yaxınlığındakı məşhur bir yerinMarxalın, adına da diqqət yetirməyə dəyər. Nəsə, bu toponim bizəmağaralıqsözünü xatırlatmaqdadır hesab edirik ki Marxal  elə, məhz, mağaralığın təhrif olunmuş forması ola bilər. 

[15] Marxal, Şəki şəhərindən şimalda, Kiş kəndinin qarşısında, Gələsən-Görəsən qalasının isə cənub-şərqindədir hal-hazırda ora istirahət obyektidir. 



Hosted by uCoz

"history Sheki"; "Èñòîðèÿ Øåêè";"Şeki tarihi"

"Şəki tarixi" saytının Ana səhifəsi

GOOGLE PR indiqatorları (Bu saytın Ana səhifəsinin PR dərəcəsi) : 1. 2.3.Free PageRank Checker 4.

Sayğaclar:1. 2. 3.

AZERİNTER.NET dən daha ətraflı:

4. 5.6.

GOOGLE REKLAMI:

(Bu reklama baxsanız bizə də xeyir vermiş olarsınız!)

Bizimlə əlaqə: shekitarixi@gmail.com